Vəkilə hücum edən deputat cəzalandırılsın - Vəkillərdən çağırış VİDEO
Xəbər verildiyi kimi, iyunun 27-də, Bakının mərkəzindəki “Four Seasons” otelinin foyesində Milli Məclisin deputatı Ramil Həsənovla Vəkillər Kollegiyasının sədr müavini Muxtar Mustafayev arasında çəkişmə olub.
Mübahisə zamanı deputatı idmançı cüssəli şəxslər müşaiyət ediblər. Vəkilin sözlərinə görə, Nəsimi Rayon Məhkəməsinin qərarını icra edərkən deputat ona hücum çəkib, senzuradan kənar ifadələrlə təhqir edib.
Xeberlent.az xəbər verir ki, vəkillər peşə borcunu həyata keçirən M.Mustafayevə dəstək olub və Milli Məclisin deputatı Ramil Həsənovun ona qarşı hərəkətini qınayıbdır.
Vəkil Faiq Nağıyev bildirib ki, vəkillərin peşə fəaliyyətini həyata keçirməsinə istənilən qanunsuz müdaxilə yolverilməzdir: “Bu qanunsuzluq qanunyaradıcı orqanın üzvü tərəfindən ediləndə təbii ki, ictimai qınaqla üzləşəcəkdi. Vəkillikdə sözünü demiş, savadı və prinsipiallığı ilə seçilən vəkil həmkarımız Mukhtar Mustafayevə qarşı işdə hər hansı prosessual statusu olmayan şəxs tərəfindən sərf edilən sözləri və hərəkətləri şiddətlə qınayır, həmkarımızın hər zaman yanında olduğumuzu bilməsini istəyirik”.
Qeyd edək ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 1.3-cü maddəsinə əsasən vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi vəkilliyin əsasını təşkil edir.
Vəkil Elçin Sadıqov da deputat Ramil Həsənovun vəkil həmkarı Muxtar Mustafayevə qarşı etdiyi qanunsuz hərəkətləri kəskin qınayıb: “Vəkilin peşə borcunu yerinə yetirməsinə görə hücuma, təhqirə məruz qalması yolverilməzdir.
Deputatın vəzifə səlahiyyətlərindən istifadə etməklə qanunsuzluq etməsi Milli Məclisin İntizam Komissiyasında araşdırılmalıdır”.
Qeyd edək ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” Qanununun 14-cü maddəsinə əsasən etik davranış qaydalarının pozulmasına görə deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Xatırladaq ki, Almari Vael Süleymanın keçmiş arvadı hazırda deputat Ramil Həsənovla evlidir. Britaniyalı biznesmenin həmin evlilikdən olan qızı isə indi Bakıda, deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət edib.(Bakivaxti.az)